İQTİSADİYYAT
İstanbulda COMCEC-in 34-cü sessiyası başa çatıb
Azərbaycan tədbirdə nümayəndə heyəti ilə təmsil olunub
İstanbul, 30 noyabr, AZƏRTAC
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda keçirilən dördgünlük sessiya təşkilata üzv ölkələri təmsil edən işçi qruplarının iclasları, panellər və nazirlər toplantısı şəklində davam edib.
Çıxışlarda İslam həmrəyliyinə nail olmaq, müsəlman xalqlarına qarşı haqsızlıqları aradan qaldırmaq, münaqişələri həll etmək, o cümlədən İƏT-ə üzv ölkələr arasında iqtisadi münasibətləri genişləndirmək, sərmayə qoyuluşunu təmin etmək və sair məsələlərə dair mühüm çağırışlar olub.
Sessiyada Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və digər rəsmi şəxslər daxil olublar.
Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində ikitərəfli görüşlər keçirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul