CƏMİYYƏT
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
İstanbul, 31 dekabr, AZƏRTAC
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyədən olan tanınmış ziyalıların, elm və mədəniyyət adamlarının, İSTAD üzvlərinin iştirakı ilə keçirilən tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Əvvəlcə İSTAD sədrinin müavini, yazıçı-publisist Mətin Yıldırım 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ümumi məlumat verib.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu rəhbərlik etdiyi təşkilatın bu ilki səmərəli fəaliyyətindən və 2019-cu il üçün nəzərdə tutulan işlərdən danışıb.
Çıxışlarda qeyd olunub ki, müasir və qüdrətli Azərbaycan dövlətinin hərtərəfli inkişafı hər bir azərbaycanlının qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin 1991-ci ildə qəbul etdiyi tarixi qərar nəticəsində 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününü milli bayram kimi qeyd etməyimiz xalqımızın birliyini daha da mətinləşdirir. Əminliklə qeyd olunub ki, Azərbaycan xalqının milli birliyi və dövlətimizin gücü ilə həmrəylik bayramımızı Qarabağ torpaqlarında qeyd etməyə nail olacağıq.
Tədbir İSTAD-ın Türkiyə-Azərbaycan Qardaşlıq xorunun bədii rəhbəri Seyfəddin Çelik və xorun üzvü tanınmış qarmon ustası Yaşar Halilin ifasında bədii proqramla davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul