SİYASƏT
İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb
Bakı, 15 dekabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı təsis olunub. Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənın dövlət himnləri səsləndirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, dərnəyin sədri Sənan Quliyev təşkilatın məqsədi, fəaliyyət istiqamətləri, həyata keçiriləcək layihələr barədə məlumat verib. Bildirilib ki, dərnəyin əsas məqsədi Türkiyədə yaşayan soydaşlarımızın, xüsusilə azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində fəaliyyətinin təmin edilməsi, onların tibbi xidmət, miqrasiya, işlə təmin olunmaları, təhsil və təqaüd proqramlarına çıxış imkanlarının genişləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, o cümlədən yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir.
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev son aylarda görülən işlər, o cümlədən dünya azərbaycanlılarının virtual birliyinə nail olmaq məqsədilə informasiya texnologiyaları vasitəsilə həyata keçirilmiş layihələr haqqında danışıb. O, xarici dövlətlərin, o cümlədən Türkiyənin müxtəlif universitetlərində 20 minə yaxın azərbaycanlı gəncin təhsil aldığını qeyd edərək İstanbulda Gənc Azərbaycanlılar Dərnəyinin onlara müxtəlif istiqamətlərdə dəstəyin göstərilməsinə müsbət töhfə verəcəyini bildirib. Komitə sədrinin birinci müavini tədbirdə iştirak edənlərin Türkiyə cəmiyyətində öz mövqeyini tutan gənclər olmasının sevindirici olduğunu deyib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli toplantıda qaldırılan bəzi məsələlərə münasibət bildirib. O, Türkiyədə, xüsusilə İstanbulda sənədsiz məskunlaşmış azərbaycanlıların problemlərinə toxunaraq deyib ki, Dövlət Komitəsi problemlərin həlli üçün lazım olan bütün addımları atır və digər dövlət qurumları ilə birgə iş aparır. O, eyni zamanda, dünyanın harasında yaşamasından asılı olmayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyalarının yaşadılması və təbliği baxımından gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.