SİYASƏT
İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Sammiti keçirilir
İstanbul, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Sammiti keçirilir.
AZƏRTAC xəbər verir ki, Sammit Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən “Beynəlxalq Əməkdaşlıq Platforması” tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunur. Tədbirdə yüzdən artıq ölkədən dəvət olunmuş dövlət və hökumət başçıları, rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, analitik mərkəzlərin və qlobal şirkətlərin rəhbərləri iştirak edirlər.
Beynəlxalq tədbir dünyanın müxtəlif ölkələri arasında iqtisadi, siyasi, diplomatik və enerji sahəsində əlaqələrin daha da dərinləşməsi, dövlətlər arasında müasir dövrün tələblərinə uyğun əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bəşəriyyəti narahat edən məsələlərin həlli üçün birgə fəaliyyət mexanizmlərinin hazırlanması və digər bu kimi mühüm mövzuların müzakirə edildiyi platforma hesab olunur.
Sammitdə Azərbaycanı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edir.
Noyabrın 28-dək davam edəcək tədbir “Hər kəs üçün inkişafa beynəlxalq təhdid: Ticarət müharibələri”, “Yeni istiqamətlər axtaran dünyada dayanıqlı gələcəyin şifrələri”, “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, “Sülh üçün müdafiə və təhlükəsizlik”, “Gələcəyin texnologiyalarına doğru”, “İqtisadi inkişafın təşkilində medianın rolu” və digər mövzular üzrə çıxışlar və panellərlə işini davam etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul