SİYASƏT
İstanbulda İƏT İnformasiya Nazirlərinin 12-ci Toplantısı davam edir VİDEO
İstanbul, 22 oktyabr, AZƏRTAC
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirlərinin 12-ci Toplantısı davam edir. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir bu il “Həqiqətdən kənar dövrdə dezinformasiya və islamofobiya ilə mübarizə” mövzusunda təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 57 ölkədən nazirlər və yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi konfransda islam ölkələri arasında media, kommunikasiya və informasiya sahələrində əməkdaşlığı inkişaf etdirəcək fəaliyyətlərlə yanaşı, İƏT Media Forumunun fəaliyyətə başlaması məsələsi də müzakirə edilir.
Oktyabrın 22-də tədbirin rəsmi açılış mərasimi olub.
“Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə əvvəlcə İƏT İnformasiya Nazirləri Konfransına sədrlik müddəti Səudiyyə Ərəbistanından Türkiyəyə təhvil verilib.
Çıxışı zamanı tədbirə ev sahibliyi etmək və toplantıya rəhbərliyin Türkiyəyə keçməsindən məmnunluq hissi duyduqlarını ifadə edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun dünyada dezinformasiya və xəbərlərin təhrif olunması barədə danışıb.
Diqqətə çatdırılıb ki, islamofobiya və irqçilik dünyanın bəzi ölkələrində özünü daha qabarıq şəkildə büruzə verir.
Toplantı mediaya qapalı şəkildə davam etdirilib.
Gün ərzində davam edəcək texniki toplantılardan sonra alınan qərarlarla bağlı mətbuata açıqlama verilməsi gözlənilir.
Qeyd edilib ki, tədbirdə Azərbaycan da təmsil olunur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul