İQTİSADİYYAT


İstanbulda İƏT-in Daimi Komitəsinin 34-cü sessiyası çərçivəsində nazirlər toplantısı keçirilib VİDEO

Toplantıda Azərbaycan Gömrük Xidmətinin ticarətin asanlaşdırılması sahəsində gördüyü işlərdən danışılıb

İstanbul, 28 noyabr, AZƏRTAC

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası keçirilir. “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda keçirilən sessiyada Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində noyabrın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nazirlər toplantısı keçirilib. Rəsmi açılış mərasimində Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Othaimeen, İslam İnkişaf Bankı Qrupunun prezidenti Bandar Hajjar, Türkiyənin Palatalar və Borsalar Birliyinin (TOBB) sədri və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası başçısının müavini Rifat Hisarcıklıoğlu, eləcə də üzv ölkələrin region təmsilçiləri çıxış ediblər.

İslam ölkələrinə qarşı müşahidə olunan ədalətsizliklərdən bəhs edən Türkiyə Prezidenti deyib ki, münaqişə bölgələrində baş verən humanitar fəlakətlər müsəlman xalqlarına qarşı ən böyük haqsızlıqlardır. Müsəlman ölkələrindəki bir sıra problemlər xarici ölkələrdən qaynaqlanır. Dünyadakı ikili standartların sürətlə davam etməsi yolverilməzdir. O, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin zəngin təbii qaynaqlara malik olduqlarını bildirib, İƏT çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib.

Çıxışında İƏT-in potensial imkanlarına geniş yer ayıran İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Othaimeen diqqətə çatdırıb ki, üzv ölkələr arasında iqtisadi və ticarət əlaqələri genişlənməkdədir. Təşkilatın nəqliyyat, ticarət, enerji, turizm və digər sahələrə dair layihələri barədə ümumi məlumat verən baş katib bildirib ki, bütün bu layihələr İƏT-ə üzv olan ölkələr tərəfindən maraqla qarşılanır. Təşkilatın sürətlə formalaşan ayrı-ayrı strukturları barədə danışan baş katib Bakıda yerləşən İƏT Əmək Mərkəzinin fəaliyyətinə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.

İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Bandar Hajjar isə İƏT-ə üzv olan ölkələrə sərmayə qoyuluşunun vəziyyətindən danışıb.

Sonra üzv ölkələrin region təmsilçilərinin çıxışları dinlənilib.

Nazirlər toplantısında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev bildirib ki, müasir qloballaşan dünyada uğurlu nailiyyətlər əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırkı dövrdə güclü iqtisadiyyata malik olmaq üçün gömrük infrastrukturunun inkişaf etdirilməsi də zəruridir: “Ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının olması üçün mühüm əhəmiyyət kəsb edir”.

O deyib ki, Azərbaycanın tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşməsi ölkənin Şimal və Cənub, Qərb və Şərq arasında körpü rolunu oynamasına əlverişli şərait yaradıb. Tarixi Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb.

Komitə sədri əlavə edib ki, gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə edilməsi gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində ölkədə bütün sahələrdə olduğu kimi, gömrük işi sahəsində də dinamik inkişaf təmin edilir, gömrük sistemi təkmilləşdirilir və beynəlxalq standartlara cavab verən bir sıra müasir layihələr və yeni islahatlar həyata keçirilir.

“Bu gün ölkəmizin iqtisadi nailiyyətlərinin əldə olunmasında Azərbaycan Gömrük Xidmətinin də xüsusi yeri var. Daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdə və müasirləşməkdədir”, - deyə o bildirib.

S.Mehdiyev diqqətə çatdırıb ki, Azərbaycan Gömrük Xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasına yönəlib: “Son dövrdə Azərbaycan gömrük sistemində islahatların aparılması, gömrük-biznes əməkdaşlığının inkişafı, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində bir sıra işlər görülüb. Gömrük prosedurları – “sərhəddən-buraxılışa qədər”, yəni sərhəddən keçən mallar və nəqliyyat vasitələrinin qeydiyyatı, onlar üzərində gömrük nəzarəti və təyinatı üzrə gömrük orqanına çatdırılması, mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, bəyan etmədən sonra ödənişlər və sonda malın sahibinə buraxılması - bütün proses tam avtomatlaşdırılıb. Bütün bunlar Dövlət Gömrük Komitəsinin təşəbbüsü və imkanları nəticəsində yaradılan “Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi – VAİS” vasitəsilə həyata keçirilir və bu sistem əsasında sahibkarlara elektron gömrük xidmətləri göstərilir. Hazırda isə, Avropa İttifaqı ilə əməkdaşlığın davamı olaraq, Azərbaycan Respublikasının Ümumi Tranzit Konvensiyasına qoşulması istiqamətində davamlı işlər aparılır. Bununla bağlı, Dövlət Gömrük Komitəsinin sərəncamı ilə işçi qrup yaradılıb və Komitənin əməkdaşları üçün vaxtaşırı seminarlar keçirilir”.

O bildirib ki, gömrük orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi gömrük işini daha çevik edir, o cümlədən gömrük prosedurlarının sürətləndirilməsi xarici iqtisadi fəaliyyət iştirakçılarının məmnunluğunu artırır. Dövlət Gömrük Komitəsi məmur-vətəndaş təmasını minimuma endirib və korrupsiya ilə mübarizəyə qarşı mexanizmlər hazırlayıb. Hazırda 14 elektron gömrük xidməti “elektron hökumət” portalında sahibkarların istifadəsinə verilib.

“Maksimum dərəcədə çalışırıq ki, sahibkarlar gömrük orqanlarına birbaşa elektron xidmətlərdən istifadə etməklə müraciət etsinlər. Hər bir xidmətin elektron formaya keçirilməsi ilə bağlı konkret mexanizm hazırlanır. Gömrük rəsmiləşdirilməsində şəffaflığın təmin edilməsi, bəyanetmə prosesinin asanlaşdırılması və gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə malların və nəqliyyat vasitələrinin kağızsız texnologiya əsasında internet üzərindən bəyan edilməsinə imkan verən Elektron Gömrük Bəyannaməsi sistemi sahibkarların istifadəsinə verilib. Hazırda isə Dövlət Gömrük Komitəsi və açıq hökumət cəmiyyətləri arasında sıx və əlaqəli işlər başlayıb. Bütün məlumatların, o cümlədən xarici ticarətin gömrük statistikasının Açıq Hökumət Məlumatları Portalına inteqrasiya edilməsi üzərində işlər davam edir”, - deyə komitə sədri əlavə edib.

S.Mehdiyev vurğulayıb ki, Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin fiskal siyasətini uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda, hüquq mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görür. Qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub və onlar müasir texnika və avadanlıqla təchiz edilib. Bütün bunların nəticəsində, 2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu il noyabrın 19-23-də Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasında da aidiyyəti mövzular üzrə təqdimatlar dinlənilib, ümumi maraq kəsb edən məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb.

Komitə sədri deyib ki, ticarətin asanlaşdırılması istiqamətində Azərbaycan Gömrük Xidmətinin mühüm addımlarından biri də sərhəddən keçirilən mallar və nəqliyyat vasitələrinə dair xarici ölkələrin gömrük orqanları ilə ilkin məlumat mübadiləsinin aparılmasıdır. Hazırda Azərbaycan tərəfi Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Rusiya və GUAM üzv dövlətləri ilə ilkin məlumat mübadiləsinin aparılması üzrə hüquqi baza yaradıb və qarşılıqlı məlumat mübadiləsini həyata keçirir.

Nazirlərin toplantısında risklərin idarə olunması sahəsində əldə edilən təcrübələrin bölüşdürülməsi, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunub. Eyni zamanda, görüşdə üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivləri, cari ilin mayında COMCEC-in Ankarada keçirilən iclasında qəbul edilən gündəlik layihəsindəki məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sessiya çərçivəsində “Regional inteqrasiya üçün ticarətin asanlaşdırılması potensialından istifadə”, “Gömrük sisteminin modernləşdirilməsi sahəsindəki çətinliklər və mümkün həllər”, “Ticarətin asanlaşdırılmasında özəl sektorun rolu” və digər mövzularda panel iclaslar keçirilir. Sessiya noyabrın 29-da başa çatacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.