SİYASƏT
İstanbulda “İlin altun adamları - 2014” mükafatının təqdimat mərasimində Azərbaycanın baş konsulu da təltif olunmuşdur
İstanbul, 14 iyun (AZƏRTAC). Türkiyənin “İpək Yolu” Beynəlxalq Media Qrupu və eyni adlı Strateji Araşdırmalar Mərkəzinin birgə təsis etdikləri “İlin altun adamları -2014” mükafatına layiq görülmüş şəxslərin təltif edilməsi münasibətilə İstanbulda mərasim keçirmişdir.
“İpək Yolu” Beynəlxalq Media Qrupu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görməkdədir. “İPEKYOLU” jurnalı demək olar ki, bütün saylarında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən strategiyanın böyük bəhrələrindən, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin nailiyyətlərindən, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının göstəricilərindən bəhs edən, o cümlədən türk dünyasının tarixi və mədəniyyəti ilə bağlı rəngarəng materiallara yer ayırır. Jurnal Ermənistan silahlı birləşmələrinin Azərbaycanda törətdikləri Xocalı soyqırımı, torpaqlarımızın 20 faizinin işğalda saxlanılması, 20 Yanvar faciəsi kimi mövzulara daim müraciət edir.
Təqdimat mərasimindən əvvəl “Türk dünyasının coğrafiyası” sənədli filmi nümayiş olunmuşdur.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, meşə və su təsərrüfatı naziri, professor Veysəl Eroğlu, Qazaxıstanın qardaş ölkədəki səfiri Canseyid Tüymebayev, professor Oqtay Belli və digər nüfuzlu şəxslər təltif olunanlar arasındadır.
Mərasimi giriş sözü ilə açan “İpək Yolu” Beynəlxalq Media Qrupu və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy başçılıq etdiyi qurumların fəaliyyəti, təsis etdikləri mükafatın əhəmiyyəti və digər məqamlarla bağlı fikir və mülahizələrini bölüşmüşdür.
Mükafatlandırmaya görə minnətdarlıqlarını bildirən təltif olunanlar və onların səlahiyyətli nümayəndələri gələcək fəaliyyətlərində “İpək Yolu”na uğurlar və daha böyük nailiyyətlər arzulamışlar.
“İlin altun adamları - 2014” mükafatı ilə təltif olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirmişdir ki, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev “Bir millət, iki dövlət” və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xalqlarımızın tarixi qardaşlığının əbədi olduğunu təsdiq etmişlər. Ulu öndərlərimizdən bizə əmanət olan mənəvi miraslar hər birimizin qarşısında böyük məsuliyyət qoymuşdur. Türk dünyasına xidmət edən insanların fəaliyyətinin dəyərləndirilməsi bu istiqamətdə ümumi maraqlarımızı əhatə edən işlərə böyük təkan verir.
Mükafatlandırmadan sonra mərasim bədii hissə ilə davam etmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul