CƏMİYYƏT
İstanbulda “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda konfrans keçirilib
İstanbul, 12 fevral, AZƏRTAC
Fevralın 12-də İstanbulda “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə koordinatorluğu, Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi (AGİH) qeyri-hökumət təşkilatı və İstanbul Aydın Universitetinin Şərqi Asiya və Qafqaz Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Konfransda “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə üzrə koordinatoru, dövlət təhlükəsizliyi üzrə ekspert Elvin Abdurahmanlı, Aydın Universitetinin Şərqi Asiya və Qafqaz Ölkələri üzrə Mərkəzinin müdiri Kamil Nərimanoğlu, İstanbulun Arel Universitetinin müəllimi, siyasi elmlər üzrə ekspert Safa Tankişi, Anadolu Universitetinin siyasi elmlər və dövlət idarəçiliyi üzrə eksperti dosent Mustafa Karaca və digərləri iştirak ediblər.
Konfransda çıxış edən E.Abdurahmanlı Azərbaycan-Türkiyə əlaqələrinin qədim tarixə malik olduğunu vurğulayıb. O deyib: “1918-ci ildə Bakıda azərbaycanlı əhalinin erməni və bolşeviklərin zülmündən xilas edilməsində Qafqaz İslam Ordusunun komandanı Nuru paşa və onun ordusunun əvəzsiz xidmətləri var. 1923-cü ildə də eynilə Türkiyənin qurtuluş savaşında da Azərbaycandan türkiyəli qardaşlarımıza maddi və mənəvi dəstək verilib. 1992-ci ildə isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin səyləri ilə Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsü açılıb. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından böyük əhəmiyyət daşıyır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi mühüm layihələrin təməli qoyulub. Hazırda isə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir çox sahələr üzrə birgə addımları iki qardaş dövlət və xalq arasındakı tarixi bağların daha da güclənməsinə xidmət edir”.
Digər çıxış edənlər getdikcə daha da güclənən, dünya üçün nümunəyə çevrilən Azərbaycan-Türkiyə əlaqələrinin təkcə diplomatik deyil, qardaşlıq yolu ilə davam etməsinin qürurverici olduğunu bildiriblər.
Sonra iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən əlaqələr haqqında fikir mübadiləsi aparılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul