QAN YADDAŞI


İstanbulda “Müstəqilliyə gedən yol-20 Yanvar” adlı onlayn konfrans keçirilib

İstanbul, 20 yanvar, AZƏRTAC

20 Yanvar qətliamının 31-ci ildönümü ilə əlaqədar İstanbulda daha bir konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən “Müstəqilliyə gedən yol-20 Yanvar” adlı konfrans İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu və İSTAD-ın sədrinin mavini sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım çıxış ediblər.

20 Yanvarın Azərbaycanın milli qəhrəmanlıq günü olduğunu deyən çıxışçılar bu tarixin Azərbaycan xalqının yaddaşına əbədi yazıldığını vurğulayıblar. Bildirilib ki, 1918-ci ildə Şərqin ilk demokratik respublikası olaraq qurulan Azərbaycan sonradan sovet hakimiyyəti tərəfindən işğal edilib. 70 il davam edən bu əsarət Azərbaycan xalqında olan müstəqillik ruhunu əsla yox edə bilməyib və 20 Yanvar bunun ən böyük sübutudur. Müstəqillik eşqi ilə yaşayan azərbaycanlılar o Qanlı Yanvar gecəsində əliyalın tankların qarşısına çıxıb, canları bahasına uzun illər gözlənilən azadlığa qovuşublar.

Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin Türkiyə olduğunu xatırladan çıxışçılar bu iki respublika arasında əsrlərə dayanan qardaşlıq bağlarının dünya üçün bir nümunə olduğunu vurğulayıblar. Bildirilib ki, daim birlikdə hərəkət edən iki qardaş ölkə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə münasibətilə Bakıda keçirilən paradda da bu birliyi bir daha bütün dünyaya nümayiş etdirdi.

Konfransda Azərbaycanın və Türkiyənin ümummilli liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün “bir millət, iki dövlət”, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamları səsləndirilib.

Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.