CƏMİYYƏT
İstanbulda Novruz bayramı münasibətilə şənlik keçirilib
İstanbul, 23 mart, AZƏRTAC
İstanbulda Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, İSTAD-ın baş katibi Mətin Yıldırım və bu təşkilatın fəal üzvü Səidə Ömər çıxışlarında Novruz bayramının tarixindən, ənənələrindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, günümüzə qədər gəlib çıxan Novruz ənənələri dünya mədəni irsinin ən parlaq hissəsidir.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu əminliklə bildirib ki, ən qısa zamanda Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək və xalqımız Novruz tonqallarını Dağlıq Qarabağın ən uca zirvələrində alovlanacaq.
İstanbulda yaşayan və çalışan Azərbaycan vətəndaşları, o cümlədən Türkiyə vətəndaşı olan soydaşlarımızın iştirakı ilə keçirilən mərasim geniş konsert proqramı ilə davam etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul