İQTİSADİYYAT
İstanbulda QDİƏT xarici işlər nazirləri şurasının iclası başa çatıb
İstanbul, 21 may, АZƏRTAC
İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının iclası başa çatıb. Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.
İclası Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş açıb. Sonra QDİƏT-in baş katibi Maykl Kristidesin məruzəsi dinlənilib. Nazir müavini Mahmud Məmmədquliyev çıxışında Azərbaycanın QDİƏT-dəki yerini, rolunu və dəyişməz mövqeyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, iqtisadi inkişafın əsasında sülh, sabitlik və qarşılıqlı anlaşma dayanır.
Tərəflər QDİƏT-in ötən dövrdəki fəaliyyətini, qarşıda duran vəzifələri, təşkilatın səmərəli fəaliyyətinə mane olan amilləri müzakirə ediblər.
İclasdan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbuldakı yeni ofisinin açılışı olub. Baş katib Maykl Kristides və Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız əminliklə bildiriblər ki, yeni ofisdəki yüksək iş şəraiti QDİƏT-in fəaliyyətinə müsbət təsir edəcək.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iqtisadi qurum olduğunu diqqətə çatdıran nazir müavini Mahmud Məmmədquliyev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan sülh, sabitlik, tərəqqi və inkişaf siyasəti yürüdür. Bu təşkilata üzv olan ölkələr arasındakı mövcud münaqişələr, o cümlədən təcavüzkar Ermənistanın işğalçılıq siyasəti ucbatından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də ədalətli həllini tapmaması QDİƏT-in fəaliyyətindəki səmərəliliyi pozan başlıca amillərdir.
Mayın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısı keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək toplantıda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək. Zirvə toplantısında təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul