CƏMİYYƏT
İstanbulda “Qarabağın dünəni, bu günü, sabahı” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb
İstanbul, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də İstanbulda “Qarabağın dünəni, bu günü, sabahı” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyənin Marmara Universitetinin təşkilatçılığı, Türkiyə Araşdırmalar İnstitutu, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, İstanbulun Üsküdar Bələdiyyəsi və digərlərinin dəstəyi ilə baş tutub. Simpoziumun açılış mərasimində çıxış edənlər uzun illər davam edən bu münaqişənin tarixə Vətən müharibəsi olaraq yazılan Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində həll olduğunu bildiriblər.
Qeyd edilib ki, 44 gün davam edən bu müharibə torpaqlarımızın erməni işğalından azad edilməsi ilə yanaşı, həm də bütün dünya üçün xalqla dövlətin dəmir yumruqla birləşməsinin ən gözəl nümunəsi oldu. Vətən müharibəsindən sonra Qarabağ münaqişəsinin həlli deyilən bir məsələ artıq qalmayıb. Hazırda bu ərazilərin dirçəldilməsi və bölgədə sülhün bərqərar olması ilə bağlı işlər aparılır.
Çıxışçılar hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də istər Türkiyə dövləti, istərsə də xalqının daima Azərbaycanın yanında olduğunu xüsusi qeyd ediblər.
İki gün davam edəcək tədbirdə “Üzeyir Hacıbəylinin köşə yazılarında “Qarabağ məsələsi” və ya “Erməni-Müsəlman davası”, “Qarabağda Alban mədəni mirası və erməniləştirmə fəaliyyəti”, “Erməni sənətçilərin Azərbaycan, Türkiyə və Qarabağ haqqında fikirləri. XVIII-XX əsrlər”, “İkinci Qarabağ müharibəsindən əvvəl və sonra üç dəniz hövzəsində qlobal və regional amillərin güc mübarizəsi” kimi bir çox mövzularda panellər təşkil olunacaq. Panellər Türkiyə və Azərbaycan elm adamlarının moderatorluğu ilə baş tutacaq.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulluğunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndələri, Türkiyənin nüfuzlu elm ocaqlarının professorları, ictimaiyyət nümayəndələri, tələbələr və digərləri iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul