MƏDƏNİYYƏT


İstanbulda “Qızıl alma-Şuşanın oyanışı” tamaşası nümayiş etdirilib VİDEO

İstanbul, 16 yanvar, AZƏRTAC

İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərə həsr olunan “Qızıl alma-Şuşanın oyanışı” tamaşası nümayiş etdirilib. Gültəpə Mədəniyyət Mərkəzində baş tutan tamaşa “Umut oyunçuları” teatrı tərəfindən ərsəyə gəlib.

Səhnə əsəri barədə AZƏRTAC-a məlumat verən “Umut oyunçuları” İstehsalat Birliyinin koordinatoru Ayhan Ünlü iki il əvvəl İstanbulun Kağıthanə Bələdiyyəsinin dəstəyi ilə eyni səhnədə Xocalı soyqırımına həsr olunan tamaşanın nümayiş etdirildiyini xatırladıb: “Türkiyənin də mənəvi dəstəyi ilə Azərbaycanın alınmaz deyilən Şuşanı 44 günlük qısa bir vaxt ərzində işğaldan azad etməsini bir daha qeyd etmək üçün belə bir layihəyə imza atdıq. Tamaşanın çox uğurlu alındığını düşünürəm. Səhnə əsəri səkkiz nəfərlik aktyor heyəti tərəfindən nümayiş edildi. Bu aktyorlardan dördü mütəmadi olaraq Türkiyədə televiziyalar və seriallarda rol alan və tamaşaçı tərəfindən tanınan şəxslərdir. Digərləri də teatrımızın aktyorlarıdır. Bu cür layihələrin bundan sonra da davamının gələcəyinə inanıram. Qismət olsa, tamaşamızı Azərbaycanda da nümayiş etdirməyi düşünürük”.

Səhnə əsərinin prodüser-koordinatoru Ayhan Ünlü, ssenari müəllifi Sevinc Mehrəliyeva, rejissorları Ümit Anaç və Şahin Deyirmenci, bədii rəssamı Ülkər Əbülfət, kostyum dizayneri isə Taha Yasin Ünlüdür. “Oğuzlar üçün hansı tərəfə gedərlərsə-getsinlər Zəfər əldə edilmədən əvvəl Qızıl Almadır” şüarı ilə baş tutan tamaşada Azərbaycan musiqilərindən istifadə olunub.

Rolları Ümit Anaç, Fatma Ayaz, Dilfuza Yorova, Emrehan Yavuz, Tülay Kurt, Sedat Ustaoğlu və Gökcan Yılmaz ifa ediblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.