DÜNYA
İstanbulda “Şəhid diplomatlar” mövzusunda sərgi açılıb
İstanbul, 24 aprel, AZƏRTAC
Aprelin 24-də İstanbulun tarixi Sirkəci qatar stansiyasında erməni terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatların xatirəsinin yad edilməsi məqsədilə “Şəhid diplomatlar” mövzusunda sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, mayın 30-dək davam edəcək sərgi Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilib.
1973-1984-cü illər arasında ASALA və JCAG kimi erməni terror təşkilatlarının təhdid və hücumlarına baxmayaraq, vəzifəsini tərk etməyən, bu səbəbdən həyatını itirən türk diplomatlara həsr olun sərgidə öldürülən diplomatların yeni nəsil süni zəka texnologiyaları vasitəsilə canlandırılan fotoşəkillərini və hekayələrini əks etdirən stendlər yer alır.
Sərgidə, eyni zamanda, qondarma “erməni soyqırımı” böhtanı, erməni lobbisi və bəzi ölkələr tərəfindən qəsdən alovlandırılmağa çalışılan 1915-ci il hadisələrinin aydınlaşdırılması və həqiqətlərin ortaya çıxarılması məqsədilə Türkiyə tərəfinin gördüyü işlər barədə də məlumat verilir.
Qeyd edək ki, “Şəhid diplomatlar” sərgisi İstanbulla yanaşı, aprelin 24-26-da Los-Ancelesdə də nümayiş etdiriləcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul