İstanbulda “Sən də Azərbaycanı gör!” devizi altında fotosərgi davam edir











İstanbul, 10 fevral, АZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyinin “Sən də Azərbaycanı gör!” devizi altında həyata keçirdiyi beynəlxalq layihə çərçivəsində İstanbulun “Astoria” Mərkəzində fotosərgi təşkil edilib. Bir il ərzində təxminən 7,5 milyon ziyarətçini qəbul edən “Astoria” Mərkəzi Azərbaycanın tanıdılması üçün böyük imkanlar yaradır. Burada qurulan sərgidə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyətini, əsrarəngiz təbiətini, turistik yerlərini, o cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın göstəricilərini əks etdirən şəkillər nümayiş olunur.
Sərginin açılışında tanınmış ziyalılar, elm və sənət adamları, QHT və KİV təmsilçiləri, tələbələr, sərgisevərlər, “Astoria” Mərkəzində olan çoxlu sayda turist iştirak edib.
Buradaki görüntülər Azərbaycanın geniş otelçilik xidməti, xalqımızın ləziz yeməklərlə zəngin olan mətbəx mədəniyyəti, kurort bölgələri, bir sıra geniş yayılmış xəstəliklərin nadir müalicə mərkəzləri barədə ziyarətçilərdə aydın təsəvvür yaradır. Bundan başqa, ziyarətçilərə Azərbaycan həqiqətləri barədə bukletlər, bələdçi kartları və jurnallar paylanır.
Qeyd edək ki, nümayəndəlik bundan əvvəl İstanbulun Yenikapı Metrosu və Topkapı Türk Dünyası Şəhərciyində də eyniadlı sərgi keçirib.
Sərgilərdə Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, İçərişəhər, paytaxtımızın qədim və müasir arxitekturalı tikintiləri, təbiət gözəllikləri və s. əks etdirən fotolar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Sərgi cari ilin may ayınadək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul