MƏDƏNİYYƏT


İstanbulda “Şuşa İli”nə həsr olunmuş konsert təşkil edilib VİDEO

İstanbul, 6 iyun, AZƏRTAC

İstanbulda “Anadoludan Azərbaycana bir nəfəs- 2022 Şuşa İli” adlı təntənəli konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Konsert proqramından əvvəl Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Qonaqları salamlayan Hazarfem dərnəyinin sədri Nuran Acar konsertin tarixi Qarabağ Zəfəri və “Şuşa İli”nə həsr olunduğunu bildirib: “Biz illərdir Qarabağ, Şuşa deyirdik. Hər zaman oranı bir nağıl kimi təsəvvür edirdik. Yaxın zamanda Şuşanı ziyarət etdim. Həqiqətən, bu şəhərin bir nağıllar diyarına bənzədiyini gördüm. Bu şanlı Zəfəri bizə bəxş etdiyi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hər bir qəhrəman türk oğluna minnətdarıq. Eləcə də, hər zaman olduğu kimi, savaş dövründə də qardaş Azərbaycanın yanında olan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla, hər bir Türkiyə vətəndaşına təşəkkürümüzü bildiririk”.

Konsert proqramından əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə olunan şanlı Zəfərimizi özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonra “TRT” İstanbul Radiosunun Anadolu Saz Sənətkarları və türk xalq musiqisi sənətçisi Dünya Tekinin ifasında Azərbaycan və Türkiyə musiqilərinin nümunələri dinlənilib. Konsertdə, həmçinin Hazarfem Dərnəyi Türk Dünyası Ritim (nağaraçılar) və Hazarfem Dərnəyi Azərbaycan Xalq Rəqsləri birliklərinin rəqs və musiqi nömrələri ifa olunub.

Konsert proqramı izləyicilər tərəfindən böyük çoşqu ilə qarşılanıb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.