CƏMİYYƏT


İstanbulda TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyası çərçivəsində seminar keçirilib VİDEO

İstanbul, 16 aprel, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) ətraf mühit və təbii ehtiyatlar komissiyası çərçivəsində seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tullantıların idarə olunması və geni modifikasiya olunmuş orqanizmlərə həsr edilən seminar rəsmi hissə və ayrı-ayrı panellərdən ibarət olub.

Rəsmi açılışda TürkPA ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TürkPA-nın baş katibi Altınbek Mamayusupov, Türkiyə Böyük Millət Məclisinin üzvü Feyzullah Kıyıklıq, Qırğızıstan parlamentinin (Joqorku Keneş) üzvü İrina Karamuşkina və üzv ölkələrin rəsmi təmsilçiləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, müzakirə olunan məsələlər hazırda bütün dünya üçün aktualdır. Bu sahələrin idarə olunmasında TürkPA-ya üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən təcrübə mübadiləsi, qarşılıqlı maarifləndirmə son dərəcə əhəmiyyətlidir.

Əhliman Əmiraslanov məlumat verib ki, seminar ətraf mühit və təbii ehtiyatlar komissiyasının Qırğızıstanda keçirilməsi nəzərdə tutulan dördüncü iclasına hazırlıq məqsədi daşıyır. Həmin iclasın əsas mövzusu “Genetik modifikasiya olunmuş orqanizmlərin yayılmasının təsiri” olacaq.

Sonra TürkPA-ya üzv ölkələrin nümayəndələri seminarın mövzusuna uyğun təqdimatlarla çıxış ediblər.

Təqdimatlarda tullantıların ətraf mühitə təsiri, onların təbiətə vurduğu zərərin qarşısının alınması üçün dövlətlərin həyata keçirdiyi tədbirlər, o cümlədən bu sahədə mükəmməl qanunvericilik bazasının rolu, eləcə də geni modifikasiya olunmuş məhsulların yaratdığı təhlükələrdən qorunmaq yollarına dair əldə olunan təcrübələr barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, müzakirə olunan hər iki aktual məsələ ətrafında səmərəli əməkdaşlıq etmək bütün tərəflərin maraqlarını təmin edir.

TürkPA ətraf mühit və təbii ehtiyatlar komissiyası adından seminarın nəticəsinə dair hesabat qəbul olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.