SİYASƏT


İstanbulda Türk Dövlətləri Təşkilatının media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilir

İstanbul, 13 may, AZƏRTAC

İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbir mayın 13-dən 15-dək davam edəcək.

Tədbirin rəsmi açılış hissəsi mayın 14-də baş tutacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomesaj vasitəsilə müraciət edəcəyi toplantıda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını təkmilləşdirmək məqsədi daşıyan proqramın ilk günündə Media və İnformasiya Sahəsində Əməkdaşlıq üzrə İşçi Qrupun 9-cu iclası keçiriləcək.

Toplantı çərçivəsində TDT-yə üzv dövlətlər, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Macarıstan ilə Türkmənistanın dövlət rəsmiləri bir araya gələrək bu sahədə birgə araşdırmalar və layihələr, eləcə də media və kommunikasiya üzrə əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Proqram çərçivəsində “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serialı-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclasların keçirilməsi nəzərdə tutulur.

Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılacaqlar.

Tədbir son günündə sosial proqramlarla başa çatacaq.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.