DÜNYA
İstanbulda Ukrayna limanlarından taxıl məhsullarının daşınmasına dair sənəd imzalanıb
İstanbul, 21 iyul, AZƏRTAC
İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması ilə bağlı sazişin imzalanma mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya tərəfindən müdafiə naziri Sergey Şoyqu, Ukrayna tərəfdən isə infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Tədbirdə çıxış edən BMT-nin Baş katibi bu prosesin hər mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə hökumətinin göstərdiyi əzmkarlıq və vəziyyətin asanlaşdırmasında çox vacib rol oynadığını bildirib. Qeyd edilib ki, bu gün Qara dənizdə dünyanın hər zamankından daha çox ehtiyacı olan bir ümid işığı var. Türkiyə Prezidenti çıxışında taxılın daşınması ilə bağlı müqavilədə əks olunan razılaşdırılmış mətnlə dünyada milyardlarla insanı gözləyən aclıq təhlükəsinin, eləcə də bundan irəli gələn qida məhsullarında qiymət artımının qarşısının alınmasına töhfə veriləcəyini qeyd edib.
“Önümüzdəki günlərdə başlayacaq daşınma ilə Qara dənizdən dünyanın bir çox ölkəsinə yeni nəfəs gələcək. Gəmilərin yola salınmasından tutmuş təhlükəsiz köçürülməsinə və təyinat limanına çatmasına qədər bütün proseslər üzrə razılıq əldə edilib. İstanbulda Rusiya və Ukrayna tərəfləri ilə atdığımız bu birgə addımın sülh ümidlərini canlandıracaq yeni dönüş nöqtəsi olmasını arzu edirəm”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Sonra Türkiyə Prezidentinin himayəsi ilə Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl məhsullarının daşınmasına dair sənəd imzalanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul