MƏDƏNİYYƏT
İstanbulda azərbaycanlı kamança ustasının konserti olub
Bakı, 22 mart, AZƏRTAC
İstanbuldakı “UNIQ Hall”da ABŞ-da yaşayan kamança ustası İmamyar Həsənovun konserti olub.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “East West Flight” layihəsi çərçivəsində təşkil olunmuş konsertdə tanınmış kamança ustası və onun triosunun üzvləri Misirli Əhməd (zərb alətləri) və Cenk Ərdoğan (gitara) İstanbulun Filarmoniya orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını ifa ediblər.
Konsertdən əvvəl mətbuata müsahibə verən İmamyar Həsənov bildirib ki, “bir millət, iki dövlət” anlayışı ilə qardaş Türkiyədə musiqisevərlərin qarşısında çıxış etmək sevindirici olmaqla yanaşı, çox məsuliyyətlidir. “Xalqımızın vətənpərvərliyini, mərdliyini əks etdirən Azərbaycan musiqisini dünyada təbliğ etməkdən qürur duyuram”, - deyə kamança ustası bildirib.
Həmvətənimiz İstanbuldakı konsertdən bir neçə gün əvvəl Ankarada musiqisevərlər qarşısında çıxış edib.