MƏDƏNİYYƏT


İstanbulda azərbaycanlı rəssamın “Qarabağın mirası” mövzusunda fərdi rəsm sərgisi açılıb VİDEO

İstanbul, 12 may, AZƏRTAC

Mayın 12-də İstanbulda azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağın mirası” mövzusunda fərdi rəsm sərgisinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, İstanbulun ən böyük mədəniyyət ocağı olan “Atatürk Mədəniyyət Mərkəzi”ndə təşkil olunan sərgi on gün davam edəcək.

Türkiyə və Azərbaycan Mədəniyyət nazirliklərinin birgə layihəsi əsasında ərsəyə gələn tədbir ölkəmizin İstanbuldakı Baş konsulluğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Mezo digital Art”ın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə qonaqları salamlayan Nigar Helmi Abbasbəyli sərginin ərsəyə gəlməsi barədə danışıb: “Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən torpaqlarımız işğal dövrü ərzində xarabalığa çevrilib. Bu, məni çox təsirləndirdi və rəsmə çevirmək istədim. Orada yalnız yaşayış yerləri deyil, Azərbaycanın dahi insanlarının ev-muzeyləri, tarixi abidələrimiz viran qoyulub. Ermənilər otuz ilə yaxın işğal dövründə Azərbaycan mədəniyyətini, tarixini yox etmək istəyiblər. Lakin hazırda dövlətimiz bu yerləri yenidən qurur, bərpa edir. Azərbaycan öz torpaqlarına yenidən can verir. Bunun üçün başda Prezident İlham Əliyev olmaqla, qüdrətli Azərbaycan Ordusuna və göstərdikləri həmrəyliyə görə hər bir həmvətənimizə minnətdarıq”.

Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva sərginin tam tərkibdə ilk dəfə məhz İstanbulda keçirilməsinin ölkələrimiz arasındakı sıx qardaşlıq bağlarının daha bir nümunəsi olduğunu vurğulayıb.

Mərasimdə Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz, qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri və digərləri iştirak ediblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.