DÜNYA
İstanbulda demokratiya və şəhidlər mitinqinə 5 milyona yaxın insan qatılıb
Bakı, 7 avqust, AZƏRTAC
İstanbuldakı Yeniqapı meydanında keçirilən demokratiya və şəhidlər mitinqinə 5 milyona yaxın insan qatılıb.
AZƏRTAC xəbər verir ki, mitinq Türkiyə Silahlı Qüvvələrinin mehtər bölümünün çıxışı ilə başlayıb.
Sonra 15 iyul şəhidləri 1 dəqiqəlik sükutla yad edilib, Türkiyənin himni səsləndirilib. Daha sonra şəhidlərin ruhuna dua oxunub.
Mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçəli, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar çıxış ediblər.
İzdihamlı mitinq Avropa mediasında da böyük əks-səda doğurub. Belə ki, mitinqi BBC “Türkiyədə çevrilişə qarşı böyük mitinq”, Reuters “Yüz minlərlə türk uğursuz çevriliş cəhdini lənətləmək üçün toplaşır”, Corriere della Sera “İnsan seli”, La Repubblica “İstanbulda Ərdoğan ilə birlikdə insan seli”, Le Figaro “İstanbuldakı izdihamlı mitinq başladı”, Spiegel “İstanbulda böyük mitinq: Türkiyə qeyd edir”, VTM “Yeniqapı insan dənizi kimi” başlıqları altında işıqlandırıblar.
Qeyd edək ki, İstanbulla yanaşı, Türkiyənin 80 vilayətində də demokratiyaya və dövlətə dəstək mitinqləri keçirilib.