DÜNYA


İstanbulda əsən güclü külək nəticəsində dörd nəfər həlak olub

İstanbul, 29 noyabr, AZƏRTAC

Türkiyədə əlverişsiz və yağıntılı hava şəraiti davam edir.

AZƏRTAC xəbər verir ki, İstanbulda bu gün səhər saatlarından əsən və axşama doğru daha da güclənən külək bir sıra evlərin dam örtüyünü uçurub. Şəhərin bir çox bölgəsində dam örtükləri vətəndaşların və avtomobillərin üzərinə düşüb. İstanbulun Esenyurt və Sultanqazi rayonlarında baş verən analoji hadisə nəticəsində dörd nəfər həlak olub, 19 nəfər xəsarət alıb.

Əsən güclü külək ölkənin Bursa vilayətində 270 illik çinar ağacını kökündən çıxarıb. Şəhərin Osmanqazi rayonunda evlərin dam örtükləri tramvay xətlərinin və vaqonların üzərinə düşüb. Bu səbəbdən bəzi tramvay reysləri təxirə salınıb. Trabzon-Bursa aviareysi üzrə hərəkət edən “Anadolu Jet” aviaşirkətinə məxsus təyyarə güclü cənub-qərb küləyi səbəbindən Yenişehir hava limanına enə bilməyib və Ankaraya yönləndirilib.

Ölkə ərazisində yağan güclü yağışlar nəticəsində İzmirdə və Kocaelidə avtomobil və tramvay yollarında böyük gölməçələr yaranıb, bəzi ictimai obyektləri su basıb. Bir sıra qayığa ciddi ziyan dəyib. İstanbul, İzmir, Bursa və digər vilayətlərdə dəniz səfərləri müvəqqəti dayandırılıb. İstanbulun Bosfor boğazı da gəmi keçidləri üçün müvəqqəti bağlanıb.

Hidrometeoroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər. Bu barədə əhaliyə xəbərdarlıq edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.