SİYASƏT
İstanbulda keçirilən 9-cu Boğaziçi Sammiti başa çatıb
İstanbul, 29 noyabr, AZƏRTAC
İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə keçirilən 9-cu Boğaziçi Sammiti başa çatıb.
AZƏRTAC xəbər verir ki, Sammitdə 80 ölkədən rəsmi qonaqlar, siyasətçilər, diplomatlar, sabiq və indiki dövlət və hökumət rəhbərləri iştirak ediblər. 33 panel və “dəyirmi masa”da 197 çıxış dinlənilib.
Tədbirdə “Hər kəs üçün inkişafa beynəlxalq təhdid: Ticarət müharibələri”, “Yeni istiqamətlər axtaran dünyada dayanıqlı gələcəyin şifrələri”, “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, “Sülh üçün müdafiə və təhlükəsizlik”, “Gələcəyin texnologiyalarına doğru”, “İqtisadi inkişafın təşkilində medianın rolu” və digər mövzularda müzakirələr aparılıb.
Bildirilib ki, müasir dünyanın siyasi düzümündə sülh və sabitlik inkişafın əsasını təşkil edir. Bunun üçün bütün dövlətlər münasibətlərini beynəlxalq hüququn müəyyən etdiyi prinsiplər əsasında qurmalı, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində öz rifah yollarını müəyyən etməlidirlər.
Xatırladaq ki, Sammitdə Azərbaycanı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul