SİYASƏT
İstanbulda “D-8” Zirvəsinin nazirlər şurasının iclası keçirilib
İstanbul, 19 oktyabr, АZƏRTAC
Oktyabrın 19-da “İnkişafda olan səkkizlər”in (D-8) dövlət və hökumət başçılarının İstanbul Zirvəsinin nazirlər şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə tərəfi ev sahibliyi etdiyi bu Zirvəyə Azərbaycanı xüsusi qonaq statusu ilə dəvət edib.
Nazirlər şurasının iclasının açılışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, Pakistanın xarici işlər naziri Kavaca Asifin və “D-8”in baş katibi Seyid Ali Mohammed Musavinin çıxışları dinlənilib.
Sonra “D-8”ə sədrlik Pakistandan Türkiyəyə keçib.
Daha sonra birgə foto çəkdirilib.
Nazirlər Şurasının 17-ci iclasında təşkilatın ötən dövrdəki fəaliyyətinə nəzər yetirilib, üzv ölkələr arasında ticarət, sənaye, nəqliyyat, informasiya, maliyyə, qlobal iqtisadiyyatda əməkdaşlıq, bank işləri, texnologiyalar, yoxsulluqla mübarizə, insan resursları, kənd təsərrüfatı, enerji, səhiyyə, turizm, mədəniyyət, idman sahələrində əməkdaşlığın vəziyyəti və perspektivlər müzakirə olunub.
Həmçinin Zirvə çərçivəsində nümayəndə heyətləri arasında ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “D-8” formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. Qeyd edək ki, Türkiyənin sədrliyi dövründə Azərbaycan “Böyük iyirmilər”in toplantılarında xüsusi statuslu qonaq kimi təmsil olunub.
“D-8”in yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısı çərçivəsində meydana çıxıb və bir il sonra təşkilatın İstanbul Zirvə toplantısı ilə təsis olunub. “D-8” ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda təşkilat Zirvə, Şura və Komissiyalardan ibarət 3 əsas rəhbər struktur tərəfindən idarə olunur.
“D-8”in dövlət və hökumət başçılarının IX Zirvəsi oktyabrın 20-də keçiriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul