İQTİSADİYYAT
İstanbulda keçirilən kitab sərgisindəki Azərbaycan bölməsi ziyarətçilərini qəbul edir VİDEO
İstanbul, 7 noyabr, AZƏRTAC
İstanbulun TÜYAP sərgi mərkəzində 34-cü Beynəlxalq kitab sərgisinin açılışı olub.
Rəsmi açılışda diqqətə çatdırılıb ki, sərgidə 30 ölkədən 700 nəşriyyat iştirak edir. Həmin nəşriyyatlardan 85-i xarici ölkələri təmsil edir. Bu ilki sərginin rəsmi qonağı Rumıniya tərəfidir.
Noyabrın 11-dək davam edəcək sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan bölməsi təmsil edir.
Bölmədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “Kaspi” Şirkətlər Qrupunun, “Hədəf” və “Qələm” nəşriyyatlarının, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının, eləcə də Türkiyədə fəaliyyət göstərən “Araz yayınçılıq” Kitab Evinin Azərbaycan, türk, rus, ingilis, fars və s. dillərdəki nəşrləri sərgilənir.
Azərbaycan bölməsinin rəsmi açılışında bildirilib ki, bu il keçirilən sərgidə ölkəmizdən 600 adda kitab və albom nümayişə çıxarılıb. Diqqətə çatdırılıb ki, beynəlxalq sərgilərdə oxucular tərəfindən daha çox maraqla qarşılanan kitabların əksəriyyəti Prezident İlham Əliyevin məlum Sərəncamı ilə latın qrafikalı əlifba ilə Azərbaycan dilində çap olunan nəşrlərdir.
Qeyd olunub ki, Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlar son illər beynəlxalq kitab sərgilərində iştirak etməyə üstünlük verirlər. Mədəniyyət və Turizm Nazirliyi müraciət edən nəşriyyatların iştirakını və yerləşdirilməsi təşkil edir. Azərbaycan 2008-ci ildən başlayaraq İstanbulda keçirilən beynəlxalq sərgilərdə təmsil olunur.
Azərbaycan bölməsində ümummilli lider Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən nadir kitablar, həmçinin Heydər Əliyev Fondunun iyirmi dildə işıq üzü görən Azərbaycan həqiqətləri ilə bağlı, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrinə dair nəşrlər, AZƏRTAC-ın nəşrlərindən nümunələr, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunmuş ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanlarını təbliğ edən kitab, jurnal və broşürlər ziyarətçilərə təqdim olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul