CƏMİYYƏT


İstanbulda keçirilən mediaforumda türkdilli dövlətlərin KİV nümayəndələrinin görüşü olub

İstanbul, 23 oktyabr, AZƏRTAC

Türk Şurasının İstanbulda keçirilən mediaforumu çərçivəsində türkdilli dövlətlərin media qurumlarının rəhbər və təmsilçiləri, habelə sosial media mütəxəssisləri arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Türk Şurasına üzv ölkələr arasında media sahəsində əlaqələrin mövcud problemləri və onların həlli yolları müzakirə edilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan gənclər tərəfindən vahid sosial media platformasının təşkil olunması, media qurumları arasında texniki mütənasibliyin təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və digər türkdilli dövlətlərdən olan KİV nümayəndələri, eləcə də gənc jurnalistlər iştirak ediblər.

Toplantıda çıxışı zamanı Rövşən Məmmədov yaxın perspektivli addım kimi, türk dövlətlərindən olan gənc jurnalistlərin ortaq süjetlər hazırlayaraq hər birinin təmsil etdiyi media qurumunda yayımlanmasının mümkünlüyünü qeyd edib. Əhməd İsmayılov isə türkdilli dövlətlərdə fəaliyyət göstərən gənc jurnalistlərin qarşılıqlı mübadiləsinin, keyfiyyətli təcrübə proqramlarının tətbiqinin qardaş ölkələrin gəncləri və həmkarlarımız arasında kommunikasiyanın gücləndirilməsinə töhfə verə biləcəyini vurğulayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.