DÜNYA
İstanbulda qanuni yollarla yaşayan əcnəbilərin sayı açıqlanıb
İstanbul, 4 may, AZƏRTAC
Mayın 4-nə olan məlumata görə, İstanbulda 1 milyon 305 min 307 əcnəbi qanuni formada yaşayır.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul valiliyinin bu şəhərdə rəsmi qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı ilə bağlı açıqlamasında bildirilir.
Məlumata əsasən, bu əcnəbilərdən 542 min 45-i müvəqqəti qoruma altında olan suriyalılar, 763 min 262-si Türkiyəyə qanuni yollarla daxil olan və yaşayış icazəsi alan şəxslərdir.
Şəhərdə qanuni yaşama hüququ olmayan digər ölkə vətəndaşlarına qarşı valiliyin bütün aidiyyəti qurumlarla birgə mübarizə apardığının qeyd edildiyi açıqlamada bildirilib ki, İstanbul Şəhər Miqrasiya Baş İdarəsi ötən il 71 min 959 qeyri-qanuni miqrant barədə tədbir görüb. Bu şəxslərin 23 min 72 nəfəri İstanbuldan deportasiya edilib. Digər 39 min 525 nəfəri isə deportasiya prosedurları üçün başqa əyalətlərdəki geri qaytarma mərkəzlərinə göndərilib.
Bundan əlavə məlumatda qeyd edilib ki, 2022-ci il yanvarın 1-dən mayın 3-dək 11 min 936-sı Əfqanıstan, 2853-ü isə Pakistan vətəndaşı olmaqla ümumilikdə 25 min 644 qeyri-qanuni miqrant haqqında tədbir görülüb. Onlardan 1933 nəfəri isə qanuni mühakimə olunub. Bu əcnəbilərdən 8773-ü İstanbuldan öz ölkələrinə deportasiya edilib, 12 min 684-ü isə deportasiya prosedurları üçün digər əyalətlərdəki geri qaytarma mərkəzlərinə göndərilib.
Son iki gün ərzində isə şəhərin hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilmiş 240 qeyri-qanuni miqrant haqqında deportasiya prosedurlarına başlanılıb. Əfqanıstandan olan 280 nəfərin isə deportasiya prosedurları tamamlanıb və onların hava yolu vasitəsilə ölkələrinə geri qaytarılmaları planlaşdırılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul