DÜNYA


İstanbulda təbii fəlakətlərə qarşı təhlükəli bölgələrdə yenidənqurma işlərinə başlanılıb

İstanbul, 27 yanvar, AZƏRTAC

İstanbulda təbii fəlakətlərə qarşı təhlükəli elan edilən binaların sökülməsi işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum tərəfindən bununla bağlı verilən son məlumata əsasən, şəhərdə 64 riskli bölgədə 72 min bina yüksək risk qrupuna daxil edilərək yenilənir.

Bəzi binalarda söküntü işləri yüksək təhlükəsizlik tədbirləri çərçivəsində aparılır. Boşaldılan bu binaların sakinləri təhlükəsiz bölgələrə köçürülüblər. Binaların bir çoxunun daxilində və xaricində irimiqyaslı çatlaqlar görmək mümkündür. Yanvarın 26-da şəhərdə əsən güclü külək səbəbi ilə çökmə riskinə qarşı bu binalardan birində söküntü işləri müvəqqəti dayandırılıb. Hazırda İstanbul ərazisində hökm sürən küləkli və yağıntılı hava şəraiti yenidənqurma işlərində bir sıra çətinliklər yaradır.

Qeyd edək ki, 2020-ci ilin son 8 ayı ərzində İstanbulun bütün rayonlarında ümumilikdə 10 min mənzillik binaların təməli atılıb. Hazırda şəhərdə 41 yenidənqurma layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Ümumiyyətlə, yenidənqurma işləri Türkiyənin digər bölgələrində də aparılır. Məlum olduğu kimi, 2020-ci ildə Türkiyənin Elazığ, Malatya və İzmir bölgələrində zəlzələlər meydana gəlib ki, bu da dağıntılara səbəb olub. Bu istiqamətdə yenidənqurma layihəsi çərçivəsində 26 mini Malatyada, 5 mini isə İzmirdə olmaqla ümumilikdə 31 min yeni mənzilin tikintisi davam edir.

Son 2 il ərzində Türkiyədə 80 min mənzil istifadəyə verilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.