SİYASƏT
İstanbulda ümummilli lider Heydər Əliyevə həsr olunan sərgi təşkil edilib VİDEO
İstanbul, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə İstanbulda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Baş konsul Nərminə Mustafayeva, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Qismət Gözəlov, TDT-nin Ağsaqqallar Şurasının Azərbaycan üzrə ağsaqqalı Həsən Həsənov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyənin müxtəlif universitetlərinin rektorları, qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında danışıb, Ulu Öndərin həyatını xalqına, millətinə, Azərbaycanın müstəqilliyi və inkişafına həsr etdiyini bildiriblər.
Natiqlər Ulu Öndərimizlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Mərasim əsnasında ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan milli musiqisinin nümunələri səsləndirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul