İQTİSADİYYAT
İstanbuldakı sərgidə Azərbaycanın dəmir yollarının imkanları təqdim edilir
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 13-15-də İstanbulda nəqliyyat və logistika şirkətləri arasında nüfuz qazanan “Logistrans – 2019” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçırılir. Tədbirdə iştirak edən 20-dən çox ölkədən şirkət təmsilçiləri nəqliyyat sahəsində tətbiq olunan yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətləri təqdim edirlər.
“ADY Express”dən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan dəmiryolçuları da iştirak edirlər. “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC və “ADY Container” MMC şirkətlərinin birgə təmsil olunduğu stenddə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr haqqında məlumatlar ziyarətçilərlə bölüşülür. Azərbaycan təmsilçiləri Bakı-Tbilisi-Qars, “Şərq-Qərb”, “Şimal-Cənub”, “Şimal-Qərb” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri barədə sərgi iştirakçılarına geniş məlumatlar təqdim edərək yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən iri Türkiyə və beynəlxalq şirkətlərlə danışıqlar aparırlar. Danışıqlarda Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlarından istifadə etməklə yüklərin nəqli məsələləri diqqət mərkəzindədir. Azərbaycan nümayəndə heyəti öz innovativ məhsullarını, xidmətlərini və imkanlarını təqdim edərək beynəlxalq şirkətlərin nümayəndələrini, yükdaşımalar sahəsində təklif elədikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilir, danışıqlar aparılır. “Logitrans-2019” sərgisi nəqliyyat və logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkani verir. Burada Türkiyə və dünyanın bir çox ölkələrindən qatılan iştirakçılara, eyni zamanda, geniş əhatəli konfrans proqramlar təklif edilir və məlumat mübadiləsi uçun platformalar yaradılır. Sərgi bir daha Azərbaycanın dəmir yollarının dəyərini göstərməklə Avrasiya məkanında qlobal yükdaşımalar sistemində üstünlüyünü nümayiş etdirib və ölkəmizin dəmir yollarının təqdim etdiyi yeni logistika məhsullarına yükdaşımalar bazarında böyük marağın olduğunu göstərib.