MƏDƏNİYYƏT
“İstedad sorağında-3” rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Bakı, 16 may, AZƏRTAC
Bakı Xətai Sənət Mərkəzində “İstedad sorağında-3” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan sərgi istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, habelə yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır.
Sərginin açılışından öncə Mədəniyyət Nazirliyinin rəsmisi Qalib Qasımov müsabiqə haqqında məlumat verib. Deyib ki, 16-29 yaş arası gənclərin, həvəskar rəssamların qatıldığı müsabiqədə məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsidir. Müsabiqəyə 250-dək rəssam 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 60-a yaxın iştirakçının 70-dən çox sənət əsəri nümayiş edilir.
Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov və Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov müsabiqənin əhəmiyyətindən söz açıb, sərgidə nümayiş edilən əsərlərin məna və məzmun baxımından mükəmməliyindən bəhs ediblər.
Sonra qaliblər mükafatlandırlıb.
Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.
Sərgiyə informasiya dəstəyi verənlər sırasında AZƏRTAC da var.