REGİONLAR


İstedadlı rəssam Ehtiram Kərimovun Göyçayda ilk dəfə fərdi rəsm sərgisi açılıb VİDEO

Göyçay, 26 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayda ilk dəfə istedadlı rəssam, pedaqoq Ehtiram Kərimovun fərdi rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Rəngləri danışdıran rəssam” adlı sərgidə rəssamın 50-dən çox tablosu ilə yanaşı, tələbələrinin də rəsm əsərləri nümayiş olunub. Rayonda ilk dəfə keçirilməsinə baxmayaraq, rəsm sərgisinə böyükdən-kiçiyə hər kəs böyük maraqla qatılmışdı.

Sərgiyə tamaşaçı qismində qatılan Fatimə Mövsüm deyir ki, belə sərginin Göyçayda keçirilməsi, eləcə də insanların incəsənətə daha çox maraq göstərməsi alqışa layiqdir: “Bu marağı izləyicilərin rəsm əsərlərinə diqqətlə baxmağından da anlamaq olur. Həqiqətən, rəssamın çəkdiyi əsərlərin hər bir ayrı dünyadır və biz o, dünyanın içinə daxil olduqda onun görmək istədiklərini, hiss etdiklərini anlaya bilirik. Bu cür rəsm sərgilərinin paytaxt Bakıdan əlavə Göyçayda da keçirilməsi bizim üçün sevindiricidir. Məni rəssamın ən çox cəlb edən əsəri Günəş ətrafında nar və ailə tablosu idi. Ailə birlik deməkdir, bir olmaqdır. Nar isə özündə olan dənəcikləri ilə ailəni, onun formalaşmasını və cəmiyyətin birliyini göstərir”.

Müxtəlif texnikalardan istifadə edərək ətrafdakı gözəllikləri canlandırmağa çalışan, daim yeniliklərin axtarışında olan rəssam unikallığı, janr müxtəlifliyi ilə seçilir.

Sərgiyə qatılanlar arasında Azərbaycanda və dünyada tanınmış rəssam, akademik Nihad Əliyev də var. “Ehtiram Kərimovun əsərləri çox dolğun və əlbəttə ki, gözəl rəng çalarlarından ibarətdir. Ehtiram müəllim böyük təcrübəyə malik rəssamdır. Onun özünəməxsus rənglər dünyası var. Eyni zamanda, bir-birindən bacarıqlı istedadlı tələbələrin yetişdirilməsində də böyük payı var", - deyə N.Əliyev əlavə edib.

Uşaq yaşlarından rəssamlıq istedadını özündə aşkarladığını deyən Ehtiram Kərimov 40 ildir ki, müxtəlif təhsil ocaqlarında ali təhsilli rəssam-pedaqoq kimi çalışır. Hazırda rayon mərkəzində kiçik emalatxanası olan rəssam yüzlərlə tələbənin müəllimidir. 120-dən çox tələbəsi var, 60-dan çoxu isə Rəssamlıq Akademiyasının məzunudur: “Ən çox sevdiyim əsər 40 il əvvəl çəkdiyim təbiət daxilində natürmort əsəridir. Mənim üçün çox qiymətli işdir. Əzim Əzimzadə adına İncəsənət kollecini bitirdikdən sonra Bakı şəhərində Bakı şəhər Rəssamlıq-dizayn təşkilatında 4-5 ay rəssam kimi fəaliyyət göstərmişəm. Daha sonra Göyçaya qayıtmışam və birinci sərgimi Göyçayda öz yaşadığımız küçədə təşkil etmişəm, daha sonra isə sərgim olmayıb. Bugünkü sərgidə mənim mənzərə janrında, natürmort janrında və kompozisiyalar da daxil olmaqla, 53 işim var. Əsərlərin çoxu isə natürmort janrındadır, hansı ki, həmin janrda olan işlərimin sayı 21-dir".

Əsərlərində tarixiliyə daha çox üstünlük verən rəssam boyaların köməyi ilə Vətəninə, doğma Göyçaya olan sonsuz məhəbbətini ifadə edir.

Rəsm sərgisi Göyçay rayon MKS və onun şəhər 3 saylı Arvan kitabxana filialının təklifi əsasında keçirilib. Arvan kitabxanasının filial müdiri Mehriban Məmmədova sərginin açılışında qonaqlara Ehtiram Kərimovun yaradıcılığı haqqında məlumat verib.

Sonra MKS-nin direktoru Nərmin Xəlilova belə bir tədbir keçirdikləri üçün şad olduqlarını, Ehtiram Kərimovun çəkdiyi tabloların hər kəsə böyük zövq verdiyini və belə tədbirlərin davamlı olmasını arzulayıb.

Rayon ictimaiyyətinin böyük marağına səbəb olduğu üçün sərgi iki gün davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.