ELM VƏ TƏHSİL


İstedadlı şagirdlər imtahan verib

İstedadlı şagirdlər imtahan verib

Bakı, 12 yanvar, AZƏRTAC

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, imtahanda ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim olunmuş 8 şagird biliklərini nümayiş etdirib.

Nəticələr BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də uğurla keçən III sinfin I yarımilində oxuyan şagird IV sinfin II yarımilində, VIII sinfin I yarımilində oxuyan şagird IX sinfin II yarımilində, X sinfin I yarımilində oxuyan şagird isə XI sinfin II yarımilində təhsilini davam etdirə biləcək.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.