Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycanda istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) yaradılsın.

2. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Əqli Mülkiyyət Agentliyi) yaradılsın.

3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilsin.

4. Bu Sərəncamın 3-cü hissəsinə əsasən ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilsin.

5. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirsin.

6. Əqli Mülkiyyət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

6.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

6.1.3. Əqli Mülkiyyət Agentliyinin yenidən təşkili və ləğv edilməsi;

6.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

6.2.1. strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;

6.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

6.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

6.3. Əqli Mülkiyyət Agentliyinə:

6.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

7. Əqli Mülkiyyət Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Patent və Əmtəə Nişanları Mərkəzi öz fəaliyyətlərini davam etdirsinlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.5. Bu Sərəncamın 4-cü hissəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansındakı əmlakın müvafiq olaraq Dövlət Agentliyinin və Əqli Mülkiyyət Agentliyinin (dövlət qeydiyyatına alındığı gündən sonra) balansına verilməsini bir ay müddətində təmin etsin;

8.6. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin balansındakı əmlakın Əqli Mülkiyyət Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Əqli Mülkiyyət Agentliyinin balansına verilməsini təmin etsin;

8.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin