İQTİSADİYYAT


İstehlak bazarında qiymətlər açıqlanıb

Bakı, 10 iyun, AZƏRTAC

Yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni aylarına nisbətən 104,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin eyni ayına nisbətən 104,9 faiz təşkil edib. Bu ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,4 faiz, ötən ilin müvafiq ayına nisbətən 105,2 faiz olub.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, limonadın, arağın, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin mayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, keçən ilin eyni ayına nisbətən 104,4 faiz təşkil edib. Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, kərpicin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, toz şəklində sintetik yuyuсu vasitələrin, ucuzlaşma isə paltaryuyan maşınların qiymətlərində müşahidə edilib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.

2021-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, ötən ilin eyni ayına nisbətən 104,8 faiz təşkil edib. Cari ilin may ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri və kimyəvi təmizlənməsi, ayaqqabı, mebel və məişət cihazlarının təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, tibbi, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.