REGİONLAR
İstehlakçıların bank savadlılığı artırılır
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank savadlılığı komandası” tərəfindən istehlakçıların bank savadlılığının artırılması və onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif səpkili tədbirlərin keçirilməsinə başlanılıb. Əsas hədəf qrupları məktəblilər, tələbələr, ev təsərrüfatları, kiçik və orta sahibkarlar, iqtisadiyyat və maliyyə-bank sektorunda işləyən, bu istiqamətdə təhsil alan, həmçinin öz bilik və bacarığını artırmaq istəyən şəxslərdir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bank maarifləndirməsi çərçivəsində “Naxçıvan” Universitetinin tələbələri üçün “Mərkəzi Bankçılıq” adlı tədbir keçirilib. Məqsəd bank savadlılığının ictimai dəyər kimi tanınması, tələbələrin savadlılıq səviyyəsinin artırılması, bank sektoru ilə əlaqəli öyrənilən bilik və bacarıqların bank əməkdaşları ilə birlikdə daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsindən ibarət olub.
Tədbir zamanı iştirakçılara Mərkəzi Bankın inkişaf yolu, məqsəd və funksiyaları, onun iqtisadiyyatda rolu, o cümlədən pul siyasəti, valyuta ehtiyatlarının idarə edilməsi, məzənnə rejimləri, uçot faiz dərəcəsi, inflyasiya və digər mövzular elektron slaydlarla tədris olunub. Həmçinin iştirakçılara bizimpullar.az portalı, edu.e-cbar.az virtual təhsil platforması və axtar.bizimpullar.az (infobank.az) maliyyə məhsul və xidmətlərinin axtarış sistemi barədə də geniş məlumat verilib.
Sonda suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, Mərkəzi Bank əhalinin bank bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcək.