CƏMİYYƏT


İstehsalat təlimi sisteminin təkmilləşdirilməsi məsələlərinə dair BƏT ekspertləri ilə birgə videokonfrans keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

İstehsalat təlimi, təkmilləşdirilmiş texniki peşə təhsili və təlimi ilə bağlı şagirdlik üzrə normativ bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məsələlərinə dair Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri ilə birgə videokonfrans keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işçi qüvvəsinin bilik və bacarıqlarının, əmək bazarında rəqabətqabiliyyətinin artırılması sahəsində ölkədə aparılan işləri diqqətə çatdırıb. Bu sahədə, həmçinin gənclərin əmək bazarına keçidinin asanlaşdırılmasında istehsalat təlimlərinin, peşə təhsili üzrə şagirdlik sisteminin, müəyyən təcrübə keçmənin, iş təcrübəsi proqramları üzrə təlimlərin təşkili praktikasının önəmini qeyd edib.

Nazir müavini BƏT-in müvafiq Konvensiya və Tövsiyələrində də bu məsələnin əksini tapdığını, işçi qüvvəsinin daim əmək bazarının tələblərinə daha çox uyğunlaşması və iqtisadiyyatın inkişafına uyğun təkmilləşməsi ilə bağlı dünyada müxtəlif təcrübələr olduğunu diqqətə çatdırıb. A.Əliyev BƏT ekspertləri ilə videokonfrans formatında təşkil olunan bu görüşün də işçi qüvvəsinin inkişafına xidmət edən istehsalat təlimləri və şagirdlik üzrə milli təcrübənin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması mövzusuna həsr olunduğunu bildirib.

Görüşdə BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyevin, BƏT-in beynəlxalq əmək standartları və əmək hüququ üzrə baş mütəxəssisi Leo Sibelin, BƏT-in səriştələrin inkişafı sistemləri üzrə baş məsləhətçisi Aşvani Aqarvalın, BƏT-in “MDB-də gənclərin məşğulluğu üçün tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizaronun fikirləri dinlənilib. İstehsalat təlimi, təkmilləşdirilmiş texniki peşə təhsili və təlimi sahəsində dünya təcrübələrinə dair təqdimatlar edilib. Bu sahədə normativ bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi üçün əməkdaşlıq müstəvisində görüləcək işlər müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.