CƏMİYYƏT
İsti yay günlərində paytaxtda yaşıllıqlara gecələr qulluq göstərilir?
Bakı, 25 iyun, AZƏRTAC
Koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı şəhərində isti yay günlərində mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri ciddi nəzarətdə saxlanılır. Prospektlərdə, küçələrdə yol kənarlarında, park və istirahət mərkəzlərində və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi qulluq göstərilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Birliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yayın isti günlərində qulluğun effektivliyini yüksəltmək üçün ağacların və digər yaşıllıqların, yol kənarları və parklardakı qazon örtüyünün axşam saatlarında suvarılması aparılır. Suvarma zamanı həm də yol kənarlarındakı ağaclar yuyulur ki, bu da onların qurumasının qarşısını alır.
İşlər çərçivəsində həm də paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə də gündəlik qulluq göstərilir, dibçəklərdəki güllər və gül kolları mütəmadi olaraq sulanır.
Kommunal xidmətlərin əməkdaşları həmin işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparırlar.