CƏMİYYƏT
İstifadə edilən boyaların təhlükəsiz olmasına diqqət yetirmək lazımdır
Bakı, 16 aprel, AZƏRTAC
Evimizin gözəl və komfortlu görünməsi üçün müxtəlif növ rəngli boyalardan istifadə etmək məcburiyyətindəyik. İndiki zamanda məişətdə, o cümlədən iş yerlərində hansı səthlərin boyanması çox əhəmiyyətlidir. Belə səthlərə pəncərə, qapı, döşəmə, divar və tavanlar aid edilir. Son zamanlar birrəngli boya ilə divarların boyanması dəb halını alıb. Müasir boyalar gözəl və səthdə olduğu zaman nəfəs alan boyalardır. Ancaq divar, döşəmə və tavanlar boyandığı zaman lak və boyaların təhlükəsiz olmasına diqqət yetirmək vacibdir.
Bu barədə AZƏRTAC-a kimya elmləri namizədi Abuəli Hüseynli məlumat verib.
“Metal boyaları klassik inşaat materiallarıdır. Boyadıqdan sonra onun səthində həlledici hissəciklərinin quruması zamanı həmin hissəciklər qaz halında otağın havasını dolduraraq qida maddələrinin və başqa əşyaların üzərini örtürlər. Nəticədə, uşaqlar belə mühitdə oynadıqları zaman zəhərlənə bilirlər. Bunların xaricində uşaq oyuncaqları civə və qurğuşun tərkibli boyalarla da boyanırlar. Boya maddələrinin ağır metallardan alkid əsasla hazırlanma texnologiyasına keçməsi uşaqların oyuncaqlarla zəhərlənməsinin qarşısını aldı. Lakin boya maddələrinə əlavə edilən kimyəvi maddələrin nə qədər zərərsiz olmasına cavab vermək çox çətindir”, - deyə mütəxəssis qeyd edib.
Alim bildirib ki, sintetik boyalar quruduqdan sonra kəskin qoxu verirlər. Bu cür boyaların quruması bir neçə il davam edə bilər. Məsələn, müasir polivinilxlorid tərkibli boyalar normal otaq temperaturunda hava və Günəş şüaları ilə təmasda olduqda parçalana bilirlər. Havada buxarlanan hidroxlorid tənəffüs yollarına daxil olaraq turş mühit yaradır. Polivinilxlorid asanlıqla dəridən keçərək qan və qaraciyərə zərərli təsir edir.
Son zamanlar su dispersiyalı və alkid emal boyalar diqqəti cəlb etməkdədir. Bu boyaların üstünlüyü hava buraxmasındadır. Belə boyalarla işləmək çox asandır. Çünki həmin boyalarda həlledicilərdən istifadə edilmir. Boyamaq üçün istifadə edilən fırça və qablar asanlıqla su ilə yuyula bilir. Onlar 30-60 dəqiqədən sonra sürətlə quruya bilir, 12 saatdan sonra isə tam quruma başa çatır.