İQTİSADİYYAT
İstifadə edilən toxumun yalnız 30-35 faizi yerli istehsalçılar tərəfindən ödənilir
Bakı, 12 iyul, AZƏRTAC
Respublikada istifadə edilən toxumun yalnız 30-35 faizi yerli istehsalçılar tərəfindən ödənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə özəl toxumçuların I Ümumrespublika müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.
Toxumçuluğun inkişafının xüsusi əhəmiyyət daşıdığını söyləyən M.Əliyev rəhbərlik etdiyi qurumun özəl toxumçuluğun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirmək niyyətində olduğunu vurğulayıb.
Xidmət rəisi qeyd edib ki, görüləcək tədbirlər sırasında toxum və tinglərin təşviq edilməsi, istehsalatda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi kimi addımların atılması gözlənilir.