CƏMİYYƏT
İstifadəyə yararsız məhsul aşkar edilib
Bakı, 9 avqust, AZƏRTAC
Polis orqanları əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirirlər. Növbəti belə tədbirlər avqustun 9-da Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkarlanaraq götürülüb.
Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq Laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.