REGİONLAR
İstilik sistemi olmayan müəssisələr lazımi mal-materiallarla təmin edilib
Naxçıvan, 20 oktyabr, AZƏRTAC
Muxtar respublikanın istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə payız-qış mövsümü üçün tələb olunan mal-materialın paylanılması təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin qarşısına bir sıra tapşırıqlar qoyulub. Verilən tapşırığa görə, Maliyyə Nazirliyi istilik sistemi olmayan müəssisələrdə payız-qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımi maliyyə vəsaitinin ayrılmasını, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını diqqətdə saxlamalıdır.
Müşavirədə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan müəssisələrində 2017-2018-ci illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü” təsdiq edilib. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq mal-materialların alınması üçün lazımi vəsaitin ayrılması təmin olunub. Adıçəkilən sahələrə aid müəssisələr onlar üçün ayrılmış mal-materialları təhvil alıblar.