İQTİSADİYYAT


İstilik təchizatı obyektlərinin mövsümə hazırlanması tamamlanıb

Bakı, 26 oktyabr, AZƏRTAC

2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı işlərin icrası başa çatdırılıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakıda noyabrın 15-dən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması işləri aparılıb, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Tədbirlər planına əsasən 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1190 ədəd qazan mexaniki və kimyəvi üsullarla təmizlənib, qazanlarda 1810 kvadratmetr izolyasiya örtüyü və 925 kvadratmetr kərpic örtüyü təmir edilib. İstilik şəbəkələrində 22 min 779 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12 min 916 ədədi əsası və cari təmir edilib, 825 ədədi isə yenisi ilə əvəzlənib. Magistral və məhəllədaxili istilik xətlərində 16 min 732 kvadratmetr istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11 min 18 kvadratmetr dam örtüyü təmir olunub. Bundan başqa 474 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla, 590 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 7 ton kationit materialları dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 990 kilometr istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 8400 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 371 kilometr istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb.

Bundan başqa 1893 ədəd qoruyucu klapan və 2246 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir edilib, 2970 ədəd çirktutan təmizlənib və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 kilometr qaz xətti və 485 ədəd qaz kəsici klapan yoxlanılıb, 1809 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənib istismara yararsız olanlar yenisi ilə əvəzlənib.

Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.

“Azəristiliktəchizat” tərəfindən ümumilikdə 10 xidmət, o cümlədən istehsal edilmiş isti suyun satışı, istehsal edilmiş istiliyin satışı, abonent məlumatlarının dəyişdirilməsi, abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi, borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi, əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması, isti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması ilə bağlı müraciət, isti su sayğaclarının quraşdırılması üçün müraciət, istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi, qeyri əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir.

Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəsələrində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün işlər aparılmalı, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəzlənməli, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.