DÜNYA


İstilik ventilyatorları qazla isitmə sistemini əvəz edə bilərmi?

Berlin, 2 avqust, AZƏRTAC

İsitmə mövsümü ərəfəsində Avropanın təbii qazla təchizatı sahəsində böhran Köhnə Dünya sakinlərini qeyri-standart həllər axtarmağa sövq edir. Qış mövsümündə ucuz qiymətə isitmə mümkün olacağı barədə ümidlər çox illüziya xarakteri daşıyır. Tədarükçülər qazın qiymətini indidən artırmağa başlayıblar. Lakin bəzi istehlakçılar təkcə xərclərin çox olacağına görə deyil, qışda isitmə sisteminin tamamilə olmayacağından narahatdırlar.

AZƏRTAC xəbər verir ki, avropalıların çoxu artıq indidən istilik ventilyatorları almağa başlayıblar. Görünür, onlar qışda qazla isitmə sistemini bu qurğularla əvəz etmək niyyətindədirlər. Bu il iyun ayına qədər Almaniyada təqribən 600 min istilik ventilyatoru satılıb. May ayı ilə müqayisədə satış təqribən 35 faiz artıb. Lakin bu, yaxşı ideyadırmı? İstilik ventilyatoru həqiqətən ucuz qurğudur. Onu cəmi 15 avroya almaq mümkündür. Lakin ona xidmət baha başa gəlir. Elektrik enerjisi xərcləri qısa müddətdə bütün hədləri aşa bilər. Hesablamalara görə, sahəsi 100 kvadratmetr olan mənzilin elektriklə qızdırılması ildə 4 min avroya başa gələ bilər. Xüsusi evdə isə istilik ventilyatorlarından istifadə edilməsi 8 min avroya başa gələcək.

Buna görə də indi fikirləşirlər: soyuqdan donmaq yaxşıdır, yoxsa daha çox xərc çəkmək?

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.