CƏMİYYƏT
İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Bakı, 10 avqust, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.3.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elmin Vilayət oğlu Cəfərova qardaşı Saatlı rayon sakini Elvin Vilayət oğlu Cəfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı gödəkcənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş kağız bükülülərdə ümumi çəkisi 2,522 qram olan tiryək və ümumi çəkisi 0,766 qram olan heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.