CƏMİYYƏT


“İstiqlal Keşikçiləri” adlı videokonfrans təşkil edilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Mənəvi Dəyərlərin Təbliği Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 102-ci il dönümünə həsr olunmuş “İstiqlal Keşikçiləri” adlı videokonfrans keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, videokonfransda QHT sədrləri, müxtəlif universitetlərin tələbə-gənclər təşkilatları, KİV nümayəndələri, ziyalılar, şəhid ailələri və Qarabağ qaziləri iştirak ediblər.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə konfransı açaraq Azərbaycan Ordusunun yaranma tarixindən, onun xalqımızın həyatındakı rolundan danışıb, gənclərə şəhidlərimizin əziz xatirəsini daim uca tutmağı tövsiyə edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında bildirib ki, tədbir heç də təsadüfən “İstiqlal Keşikçiləri” adlandırılmayıb. Ordu həqiqətən bir xalqın, millətin müstəqilliyinin, ərazi bütövlüyünün təminatıdır.

Qarabağ qazilərindən baş leytenant Əhliyət Mehdiyev, kapitan Anar Məmmədov və baş gizir Zamiq Əsgərov Vətənin müdafiəsi uğrunda sağlamlıqlarını itirsələr də, hər zaman doğma torpaqlarımızın müdafiəsi yolunda döyüşə hazır olduqlarını bildiriblər.

Azərbaycan Respublikasının Gənclər Təşkilatı Milli Şurasının sədri Məryəm Məcidova qeyd edib ki, gənclərimiz hər zaman olduqları ölkədən, daşıdıqları statusdan asılı olmayaraq, həmişə ölkə həqiqətlərini dünya gənclərinə çatdırmağa nail olmalıdırlar.

KİV rəhbərləri Elşad Eyvazlı və Zaur Əhməd vətənpərvərliyin təbliğində ictimai təbliğatın vacibliyini vurğulayıblar.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tələbələrin belə tədbirlərdə iştirakını müsbət qiymətləndirib, gəncliyin üzərinə böyük vəzifənin qoyulduğunu qeyd edib.

Müxtəlif universitetlərin tələbə-gənclər təşkilatlarının üzvləri videokonfransda çıxış edərək Azərbaycan naminə daim mübarizə aparmağa, şəhidlərimizin, qəhrəmanlarımızın xatirəsini uca tutmağa, Vətənimizin bütövlüyü uğrunda hər bir mübarizəyə hazır olduqlarını bildiriblər.

Tədbir tələbələrin ifasında vətənpərvərlik ruhunda şeir və mahnıların ifası ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.