CƏMİYYƏT
İstiqlal Muzeyində “21 Azər” Hərəkatının 73-cü ildönümü qeyd olunub
Bakı, 10 dekabr, AZƏRTAC
İstiqlal Muzeyində “21 Azər” Hərəkatının 73-cü ildönümü qeyd olunub. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə hər iki qurumun təmsilçiləri, alimlər, tədqiqatçılar, media təmsilçiləri iştirak ediblər.
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, firqənin və inqilabın rəhbəri Seyid Cəfər Pişəvərinin, onun silahdaşlarının, mühacirətdə dünyasını dəyişən insanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Rəhim Hüseynzadə, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, tarixçi alimlər - Solmaz Rüstəmova-Tohidi, Əkrəm Rəhimli və başqaları çıxış ediblər. Çıxışlarda Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan milli azadlıq mübarizəsindən, dövrün ictimai-siyasi şəraitindən, aparıcı qüvvələrindən, milli hökumətin islahatlarından ətraflı danışılıb.