MƏDƏNİYYƏT
İstiqlal Muzeyində “Narkomaniya bəşəriyyətin bəlası” adlı rəsm sərgisi açılıb
Bakı,16 aprel, AZƏRTAC
Aprelin 16-da Azərbaycan İstiqlal Muzeyində Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Narkomaniya bəşəriyyətin bəlası” adlı rəsm sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi iştirakçıları əvvəlcə narkomaniyadan bəhs edən videoçarxı izləyiblər.
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbirin əhəmiyyətindən söz açıb. Deyib ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Dünyada olduğu kimi, ölkəmizdə də bu dövriyyəni həyata keçirən mütəşəkkil qruplara qarşı hər gün mübarizə aparılır.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra narkotizm probleminə qarşı yeni mərhələ başlayıb. Qeyd edib ki, narkotizm və narkobizneslə mübarizənin əsası ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan dövlət proqramları çərçivəsində bu istiqamətdə müxtəlif tədbirlər keçirilir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri tədbirin önəmindən danışıb, narkomaniyaya qarşı mübarizənin vacibliyini vurğulayıblar.
Sonra qonaqlar sərgi ilə tanış olub.
Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının və Qərbi Kaspi Universitetinin tələbələrinin və digər gənc rəssamların narkomaniya problemini əks etdirən 30-dək sənət əsəri nümayiş edilir.
Sərgi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı “Ağ ölüm” tamaşasından monoloq təqdim olunub.
Sərgi aprelin 18-dək ziyarətçilər üçün açıq qalacaq.