MƏDƏNİYYƏT
İstiqlal Muzeyində Novruz bayramı ərəfəsində “Lalələr” sərgisi açılıb
Bakı, 15 mart, Xaruqə Məmmədova, AZƏRTAC
Martın 15-də İstiqlal Muzeyində Novruz bayramı münasibətilə “Lalələr” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxışında Novruz bayramı haqqında ətraflı məlumat verib.
Qeyd edib ki, Azərbaycanın qədim milli bayramı olan Novruz yazın gəlişini bildirir. Novruzda gecə ilə gündüz bərabərləşir. Bir sıra xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə əlaqələndir ,yazın gəlişini yeni ilin başlanğıcı kimi bayram edir. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir sıra türkdilli ölkələr Novruzu bayram kimi qeyd edirlər. Hətta martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
Bildirilib ki, ölkəmizdə Novruz bayramı böyük coşqu ilə qeyd edilir. 2009-cu ildən Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21mart - Beynəlxalq Novruz Günü elan edilib və rəsmən bayram kimi tanınıb.
Novruz boluq bərəkət, yeni günün başlanğıcı kimi xarakterizə edilir. Artıq ölkəmizdə Novruz bayramı dövlət səviyyəsində qeyd edilir.
Rəssamlar adından çıxış edən Lalə Nəcəfova sərginin keçirilməsində dəstəyə görə Mədəniyyət Nazirliyinə və İstiqlal Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə Xanlarova və Elçin Nəcəfovun 80-nə qədər əl işi nümayiş etdirilir.
Tədbir Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının təqdim etdiyi musiqi proqramı ilə davam edib.